Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət Evində “Qonağımız var” layihəsi çərçivəsində yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Baş İdarənin rəisi İbrahim Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, mədəniyyət evinin əməkdaşları, rayon ictimaiyyəti və şair sevərlər iştirak ediblər.

Aparıcı Günay Firudinqızı qonaqları salamlayaraq, Xalq şairi Ramiz Rövşənin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat verib.

Sonra Xalq şairi çıxış edərək, ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşüb, yeni yazılan şeirlərini oxuyub, yaradıcılığı ilə bağlı çoxsaylı suallara cavab verərək, Azərbaycan və dünya poeziyası haqqında öz fikirlərini bölüşüb.

Tədbirdə iştirak edən Ramiz Rövşən poeziyasının vurğunu olan gənc və yaşlı nəslin nümayəndələri şairin şeirlərini böyük həvəslə səsləndiriblər.

Çıxış edənlər tədbirdə Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Ramiz Rövşən şeiri oxuculara sevdirən və şeirə yeniliklər gətirən imzalardandı.

Sonda şair tədbir təşkilatçılarına, iştirak edənlərə öz təşəkkürünü bildirib və sənətsevərlər tərəfindən təqdim olunmuş kitablara öz xatirə imzasını qeyd edib.