Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları muzeyə təhvil verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Xalq artisti Yaşar Nurinin vaxtilə yaşadığı evdə olublar.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Xalq artisti Yaşar Nurininin yaradıcılıq fəaliyyəti haqqında xanımı Rəhimə Nuriyeva ilə söhbətdən sonra aktyorun şəxsi əşyaları muzey əməkdaşlarına təqdim olunub.

Təqdim edilən materiallar arasında “Humay” mükafatı, “Simurq” Milli Mükafat Fondunun diplomu, Dövlət Dram Teatrının vəsiqəsi, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin vəsiqəsi, yubiley dəvətnamələri, müxtəlif film və tamaşalarda rol aldığı səhnələrdən çəkilmiş şəkillər yer alır.

Görkəmli sənətkarın şəxsi əşyaları muzeyin Sənədli mənbələr elmi fond şöbəsinin müdiri Esmira Rəhimova və şöbənin əməkdaşı Nərmin Bağırova vasitəsilə muzeyə verilib.