Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan rəsmi olaraq sülh plan layihəsini alıb və Amerika tərəfinin fikrincə, bu plan diplomatiyaya təkan verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin bəyanatında bildirilib.
“Rusiyanın hücumunun ilk saniyələrindən Ukrayna sülhə can atır və biz əsl sülhü yaxınlaşdıra biləcək bütün təklifləri dəstəkləyirik. Bu ilin əvvəlindən Ukrayna Prezident Trampın qan tökülməsinə son qoymaq təkliflərini dəstəkləyib”, – deyə məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, Ukrayna sülhə nail olmaq üçün ABŞ, onun Avropa İttifaqı və bütün dünyada tərəfdaşları ilə konstruktiv əməkdaşlığa hazırdır.
“Ukrayna Prezidenti yaxın günlərdə Prezident Trampla mövcud diplomatik imkanları və sülh üçün lazım olan əsas məqamları müzakirə etməyi gözləyir”, – Prezident Ofisindən bildirilib.





















































