Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Voleybol Mərkəzində VI tur çərçivəsində təşkil olunan görüşdə MOİK və “Neftçi”lə üz-üzə gəlib.
Matç “Neftçi”nin qələbəsi ilə başa çatıb. İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib – 25:23, 25:18.
Qeyd edək ki, bu gün turun və dövrənin son oyunu olan “Xarı bülbül” – “Murov” qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlər kollegiyasının üzvlərinin AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciət olub. Müraciətdə V turda keçirilən “Xarı bülbül” – “Neftçi” oyununda nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub.
Həmin müraciətə fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul olunacaq.
Turnir cədvəli: “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
VI tur MOİK – “Neftçi” 0:3 (18:25, 23:25, 18:25), “Xarı bülbül” – “Murov”.