Vətən müharibəsində xüsusi xidməti olan həkimlərin bir qrupuna mükafatlar təqdim olunub

Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və FMG qrupunun dəstəyi ilə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən Vətən müharibəsi əlilləri və iştirakçılarına yüksək tibbi xidmət göstərən həkimlərin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanılıb. Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Birliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən əsgər və zabitlərə tibbi xidmət göstərən həkimlərin fədakar əməyini diqqətə çatdırıb və qeyd edib ki, tədbir tibb işçilərinə mənəvi dəstək olmaq məqsədi daşıyır.

Milli Məclisin deputatı Jalə Əliyeva 44 gün davam edən Vətən müharibəsində xalq-ordu-dövlət birliyinin möhtəşəm gücündən, İctimai Birliyin həmin günlərdə döyüş cəbhəsində yaralanan hərbçilərə göstərdiyi dəstəkdən və həkimlərin öz həyatlarını təhlükə qarşısına qoymaqdan çəkinməyərək yaralı əsgər və hərbçilərə göstərdikləri tibbi xidmətdən danışıb və bu xeyirxah işdə ictimai təşkilatın üzvlərinə uğurlar arzulayıb.

Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal öz çıxışında haqq savaşında xüsusi fədakarlıq nümunəsi göstərən həkimlərin peşəkar və vətənpərvərliklə dolu əməyindən bəhs edib. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərə göstərdikləri diqqət və qayğıya dəstək vermək, vətəndaş cəmiyyətinə öz töhfələrini vermək üçün belə tədbirləri davamlı şəkildə təşkil edəcəklər.

Sonra Vətən müharibəsində xüsusi xidməti olan həkimlərin bir qrupuna mükafatlar təqdim olunub.