Vətən müharibəsi şəhidi Hikmət Səfərovun anım mərasimi keçirilib

Dekabrın 8-də Vətən müharibəsi şəhidi baş leytenant Hikmət İldırım oğlu Səfərovun anım günü ilə əlaqədar İkinci Fəxri xiyabanda məzarı ziyarət edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər baş leytenant Hikmət Səfərovun Azərbaycanın şanlı tarixini yazmış qəhrəmanlardan biri olduğunu, onun kimi cəsur Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında düşmənə layiqli dərsini verərək, onları torpaqlarımızdan qovduqlarını bildiriblər. Qeyd olunub ki, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Bildirilib ki, bu gün şəhid ailələri və qazilər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar.

Azərbaycan Respublikasının Xalq artisti Əli Nur, şəhid Hikmət Səfərovun qardaşı Şəmsi Səfərov və şəhidin həyat yoldaşı Gülnarə Səfərova, oğlu Anar çıxış edərək göstərdikləri diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid Hikmət Səfərovun ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, gül-çiçək dəstələri düzülüb.