Üzv dövlətlərin BMT qarşısında yaranmış borcu 1,6 milyard dollara yaxınlaşıb

Üzv dövlətlərin BMT-nin büdcəsinə ödənişləri uzun müddət gecikdirməsi və bunun nəticəsində yaranan təxminən 1,6 milyard dollarlıq ümumi borc təşkilatın effektiv fəaliyyət göstərmək imkanını zəiflədərək gələn ilin büdcə planında nəzərdə tutulan kəskin ixtisarlara baxmayaraq vəziyyəti daha da çətinləşdirir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Baş Assambleyanın büdcə məsələlərinə baxan Beşinci Komitəsinin iclasında bildirib.

Baş katibin sözlərinə görə, likvidlik vəziyyəti qeyri-sabit olaraq qalır və bu problem yekun büdcənin həcmi nə qədər olursa-olsun, davam edəcək. O, üzv dövlətlərin qəbuledilməz həcmdə borc yığdığını vurğulayıb.

BMT 2024-cü ili 760 milyon dollar məbləğində ödənilməmiş üzvlük haqları ilə başa vurub və bu məbləğin böyük hissəsi hələ də ödənilməyib. Üstəlik, 2025-ci il üzrə ödənilməli olan 877 milyon dollar da daxil olmayıb. Beləliklə, ümumi borc təxminən 1 milyard 586 milyon dollar təşkil edir.

Cari ilin başa çatmasına beş həftədən az vaxt qaldığı bir zamanda BMT-yə üzv 193 dövlətdən yalnız 145-i 2025-ci il üzrə üzvlük haqlarını tam şəkildə ödəyib. ABŞ da daxil olmaqla bir sıra əsas donorlar hələ də ödəniş etməyib, Çin isə ödənişi 29 oktyabrda tam həyata keçirib. Rusiya da borcunu hələ ödəməyənlər sırasındadır.

Baş katib bildirib ki, o, üzv dövlətləri dəfələrlə üzvlük haqlarını tam və vaxtında ödəməyə çağırıb.

Quterreşin xəbərdarlığı BMT-nin 2026-cı il üçün yenidən işlənmiş müntəzəm büdcə göstəricilərinin müzakirə edildiyi bir vaxtda səslənib. Bu göstəricilərdə “BMT-80” islahatı çərçivəsində nəzərdə tutulan dərin struktur ixtisarlar artıq əksini tapır. Bu təşəbbüs təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasına və xərclərin azaldılmasına yönəlib.

Yenilənmiş təklifə əsasən, BMT-nin 2026-cı il üzrə müntəzəm büdcəsi 3 milyard 238 milyon dollar olacaq ki, bu da 2025-ci illə müqayisədə 577 milyon dollar və ya 15,1 faiz azdır. 2 681 vəzifənin ixtisarı planlaşdırılır ki, bu da hazırkı səviyyənin 18,8 faizinə bərabərdir.

Xüsusi siyasi missiyaların büdcəsi 2025-ci illə müqayisədə 21 faizdən çox azaldılacaq. Bu azalma əsasən missiyaların bağlanması və şəxsi heyətin optimallaşdırılması ilə bağlıdır.

Xərclərə qənaət məqsədilə BMT əməkhaqqı ödənişlərinin vahid qlobal sistemdə birləşdirilməsini və Nyu-Yorkla Banqkokda ümumi inzibati mərkəzlərin yaradılmasını planlaşdırır. Katiblik, həmçinin daha aşağı xərc tələb edən regionlara köçürülə biləcək funksiyaların siyahısını nəzərdən keçirir. 2017-ci ildən bəri Nyu-Yorkda icarə müqavilələrinin ləğvi BMT-yə 126 milyon dollar qənaət etməyə imkan verib və 2028-ci ilə qədər illik əlavə 24,5 milyon dollarlıq qənaət gözlənilir.

Yenilənmiş büdcə göstəriciləri inzibati və büdcə məsələləri üzrə Məsləhət Komitəsi tərəfindən araşdırılıb və ilin sonunadək təsdiqlənməsi üçün Beşinci Komitədə müzakirə olunur. Məşvərət Komitəsinin sədri Culiana Qaspar-Ruas bildirib ki, komitə islahatı alqışlayır, lakin xəbərdarlıq edib ki, yenidən işlənmiş göstəricilər çox qısa müddətdə hazırlanıb və bu, bəzi ixtisarların əsaslandırılmasını kifayət qədər diqqətlə qiymətləndirmək imkanını məhdudlaşdırıb.

Üzv dövlətlər Baş katibin yenilənmiş büdcə göstəricilərinin təqdim edilməsinə dair səylərini dəstəkləyib, likvidlik problemlərini qəbul etdiklərini, daha güclü və çevik BMT-yə dəstək verdiklərini qeyd ediblər. Bununla belə, bir sıra nümayəndəliklər sənədlərin gec təqdim olunması və müzakirələr üçün ayrılan qısa müddətin bu materialları diqqətlə təhlil etməyə mane olduğunu vurğulayıb.

Bəzi diplomatlar təklif olunan ixtisarların rəhbər vəzifələrdən daha çox aşağı və xidməti heyəti əhatə etməsindən narahatlıq bildiriblər. Onlara görə, bu vəziyyət coğrafi balansı və kadrların yenilənməsini təhlükə altına alır. Digərləri isə ixtisarların BMT-nin əsas fəaliyyət istiqamətləri arasında bərabər şəkildə bölüşdürülmədiyini, ən böyük ixtisarların inkişaf proqramlarını əhatə etdiyini qeyd ediblər.

Baş katib bu narahatlıqları anlayışla qarşıladığını bildirib və qeyd edib ki, təşkilatın inkişaf üzrə, o cümlədən Afrika qitəsi qarşısındakı öhdəlikləri tamamilə fundamental xarakter daşıyır.

BMT-nin büdcəsi ilin sonunadək Baş Assambleya tərəfindən yekun şəkildə təsdiqlənməlidir.

ƏvvəlkiMilli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda qəbul olunub