Uzun fasilədən sonra Milli Gimnastika Arenası yenidən beynəlxalq yarışa ev sahibliyi edəcək

Uzun fasilədən sonra Milli Gimnastika Arenası yenidən beynəlxalq yarışa ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, 2020-ci ildə Bakıda təşkil edilməli olan, lakin bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku yarışlarına bu gün start veriləcək.

Mayın 9-dək davam edəcək kubok yarışları “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

Yarışın ilk iki günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın sonuncu günü isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edəcək.

Azərbaycanı bu yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edəcək.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.