“Unudulmayanlar” layihəsinin növbəti mühazirəsində görkəmli xanəndə Ələsgər Abdullayevdən bəhs edilib

Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin növbəti mühazirəsində görkəmli xanəndə Ələsgər Abdullayevdən bəhs edilib.

AZƏRTAC xəbər verir ki, mühazirəni musiqişünas, professor Nailə Rəhimbəyli təqdim edib.

Azərbaycan musiqi tarixinin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkarlardan biri də xalq arasında Şəkili Ələsgər adı ilə şöhrət qazanan Ələsgər Abdullayev olub. Yaşadığı dövrdə onun şöhrəti Azərbaycandan uzaqlara da yayılıb, İranda, Türkiyədə, Orta Asiyanın bir çox şəhərlərində verdiyi konsert proqramları dillərdə dastan olub.

Ələsgər Abdullayev 1866-cı ildə Şəki şəhərində anadan olub. Uşaqlıqdan xalq musiqisinə böyük marağı olsa da, kasıb valideynlərinə kömək məqsədilə gənc yaşlarında bənna köməkçisi işləyib.

Xanəndə Keştazlı Həşimlə təsadüfi görüş Ələsgərin həyatında dönüş yaradıb və onun köməyilə məclislərə, toy şənliklərinə yol tapıb, zil və məlahətli səsi, muğamatı mükəmməl bilməsi ilə müasirlərinin etimadını qazanmağa müvəffəq olub. Cabbar Qaryağdıoğlunun yazdığına görə, Ələsgər Bakıya gələnə qədər Keştazlı Həşimdən “Bayatı-Şiraz” və “Segah” muğamlarını mükəmməl öyrənib.

Şəkili Ələsgər 1912-1918-ci illərdə dəfələrlə Orta Asiyanın, İran və Türkiyənin bir çox şəhərlərində konsert proqramları ilə çıxış edib, tamaşaçıların böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, o, İran məclislərinin birində gözəl ifaçılıq qabiliyyətinə görə şah onu qızıl, medalla təltif edib.

Görkəmli sənətkar 1929-cu il aprel ayının 1-də Bakıda vəfat edib.