UNESCO-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd edilib

Fransanın paytaxtı Parisdə UNESCO-nun baş qərargahında Azərbaycannın bu qurum yanındakı Daimi Nümayəndəliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın UNESCO yanında Daimi nümayəndəsi Anar Kərimov, UNESCO Baş direktorunun müavini Firmin Eduard Matoko, BDU-nun rektoru Elçin Babayev, digər rəsmi şəxslər, elm-mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Anar Kərimov tədbirin rəsmi hissəsini açaraq BDU-nun yaradılması kimi tarixdə yeni və şərəfli bir səhifə açan Azərbaycan Demokratik Respublikası haqqında ətraflı məlumat verib, onun qısa bir müddətdə qadınlara səsvermə hüququ, parlamentin yaradılması, söz azadlığının verilməsi, vətəndaşların bərabər hüquqlarının təmin edilməsi kimi köklü islahatların müəllifi olduğunu bildirib.

UNESCO Baş direktorunun müavini Firmin Eduard Matoko BDU-nun ölkə daxilində elmin inkişafına əvəzolunmaz töhfələr verdiyi kimi, beynəlxalq səviyyədə də elmi nailiyyətlərin əldə edilməsində xüsusi rolu olduğunu bildirib. O, sülhün, dialoqun, mədəni müxtəlifliyin inkişafında BDU-nun rolunu xüsusi qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov ölkənin inkişafında BDU-nun müstəsna rolundan danışıb. BDU-nun yetişdirdiyi məzunların ölkənin siyasi həyatında və digər sahələrindəki fəaliyyətlərinə toxunub.

BDU-nun rektoru Elçin Babayev universitetin keçmiş uğurları ilə yanaşı bugünkü planları və yaxın gələcək üçün qarşısına qoyduğu hədəfləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

BDU-nun yaradılması, məzunları, fakültələri, nailiyyətlərinə həsr edilmiş videoçarx göstərilib.

Tədbir Fuad İbrahimovun rəhbərliyi ilə Məhərrəm Hüseynov, Etibar Əsədli, Vurğun Vəkilov, Ağarəhim Quliyevin ifasında Bakı Kamera Orkestrinin konserti ilə davam edib. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və digər Azərbaycan və dünya musiqi korifeylərinin əsərləri böyük alqışlarla qarşılanıb.

UNESCO-nun foyesində təşkil edilmiş BDU-ya həsr edilmiş sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

ƏvvəlkiBoris Conson Birləşmiş Krallığın baş naziri vəzifəsi uğrunda seçki kampaniyasına start verib
NövbətiFransadan Azərbaycanın xeyrinə daha bir ədalətli qərar