Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən beynəlxalq simpozium keçiriləcək

Mayın 6-dan 8-dək Azərbaycan Dillər Universitetinin (ADU) və Bakı Slavyan Universitetinin Germanistika institutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçiriləcək.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin – mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edir. Bəllidir ki, germanistika da digər filoloji elmlər kimi, XIX əsrdə alman dili və ədəbiyyatı üzrə milli elm kimi yaranıb. 1951-ci ildə Florensiyada Germanistika üzrə Beynəlxalq Assosiasiyasının (IVG) yaradılması ilə bir vaxtlar yalnız milli fənn olan alman filologiyası sonralar beynəlxalq aləmə açılıb, onunla birlikdə dünyanın bir çox ölkələrində mədəni transfer proseslərinə həsr olunmuş tədbirlər təşkil edilib. Belə tədbirlərin davamı kimi Bakıda keçirilməsi planlaşdırılan simpoziumda bu mövzunun həm metodologiya, həm də məzmun baxımından əlaqələndirilməsi nəzərədə tutulur. Artıq Avropa və Asiya arasında körpü olan Qafqazda orta əsrlərdən bəri müxtəlif mədəni mediada özünü göstərən bütün transfer proseslərinə nəzər salmağın vaxtıdır. Bu akademik problem Almaniyanın timsalında Avropa, Azərbaycanın timsalında isə Qafqaz ölkələri arasında daha yaxşı qarşılıqlı anlaşma üçün mədəni körpü kimi xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ Avropa ilə postsovet ölkələri arasında etimadın son illərdə bir qədər zəifləməsi fonunda daha da aktuallaşır.

Simpozium bitdikdən sonra məruzələrin məqalə formatında nəşr olunması da planlaşdırılır.