Ukraynanın bir neçə şəhərində şiddətli döyüşlər gedir

Ukrayna və Rusiya Silahlı Qüvvələri arasında Vışqorod rayonunda, Qostomel və Vasilkov şəhərlərində ağır döyüşlər gedir.

“Report” xəbər verir ki, bu barədə “UNIAN”a Kiyev Regional Dövlət Administrasiyasından məlumat verilib.

Qeyd olunub ki, Qostomeldə ağır döyüşlər gedir, əraziyə çoxlu texnika toplanıb.

Vasilkovda aerodrom uğrunda atışma gedir, Vışqorod rayonunda çoxlu hərbi texnika yığılması qeydə alınıb.

Deputat Fyodor Venislavski qeyd edib ki, Balakleya, Melitopol və Mariupol yaxınlığında da atəş səsləri eşidilir:

“Silahlı Qüvvələrimiz layiqli cavab verir, düşmən çox ciddi itkilər verib. Bizdə məlumat var ki, düşmən Berdyansk, Melitopol tərəfdən Mariupola daxil olmağa çalışır. Və orada əhəmiyyətli qüvvələr var. Krımdan daima əlavə qüvvələr hərəkət edir”.