Ukrayna hərbçiləri Rusiyanın bir sıra obyektlərinə zərbələr endiriblər. Xüsusilə Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin (BRAİ) arsenalına zərbələrin endirildiyi bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.
Baş Qərargahdan bildirilib ki, Ukraynanın Müdafiə Qüvvələrinin bölmələri Kostroma vilayətinin Neya yaşayış məntəqəsi ərazisində yerləşən BRAİ-nin 100-cü arsenalına hücum ediblər. Zərbədən sonra obyektin ərazisində yanğın baş verib.
Dəymiş ziyanın miqyası hələ dəqiqləşdirilir. İlkin məlumata görə, arsenal ərazisinə endirilən zərbələrdən sonra Rusiyada yerli əhalinin təxliyəsi elan olunub.
“Qeyd olunan obyektin sıradan çıxarılması sursat tədarükü üzrə logistika zəncirlərini ciddi şəkildə pozur, düşmənin döyüş bölmələrinin operativ imkanlarını azaldır və hücum əməliyyatlarının aparılmasını çətinləşdirir”, – deyə Baş Qərargah vurğulayıb.
BRAİ-nin 100-cü arsenalı Rusiya quru qoşunlarının, hava-desant qoşunlarının və hərbi-kosmik qüvvələrinin təminat sisteminə daxil olan, sursatların uzunmüddətli saxlanması üçün nəzərdə tutulmuş anbar kompleksidir.
Obyekt artilleriya sursatlarının, həmçinin taktiki və operativ-taktiki səviyyəli raketlərin uçotu, texniki xidməti, saxlanması və göndərişə hazırlanması funksiyalarını yerinə yetirir.
Bununla yanaşı, yanvarın 6-na keçən gecə Ukraynanın Müdafiə Qüvvələri Lipetsk vilayətinin “Streletskie Xutora” yaşayış məntəqəsi ərazisində yerləşən “Gerkon Plyus” neft bazasına da zərbə endirib. Neft bazasında partlayışlar və yanğın qeydə alınıb.
Eyni zamanda Ukrayna hərbçiləri Kursk vilayətinin Pokrovsk və Valetovka rayonlarında, eləcə də Belqorod vilayətinin Qrayvoron rayonunda pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrini vurublar.
Baş Qərargahın məlumatına görə, Donetsk vilayətinin Novoyanisol yaşayış məntəqəsi ərazisində S-300V zenit-raket kompleksinə məxsus 9S32 radiolokasiya stansiyası məhv edilib.
Bundan əlavə, Ukraynanın Müdafiə Qüvvələri Belqorod vilayətinin Staroselye yaşayış məntəqəsi ərazisində rus hərbçilərinin canlı qüvvəsinin cəmləşdiyi rayona zərbə endirib.






















































