Ukraynanın ən hündür abidəsindəki sovet gerbi milli simvolla əvəzlənib

Avropanın ən hündür abidələrindən olan “Ana Vətən”in qalxanındakı sovet gerbi Ukraynanın milli simvolu üçdişli mizraqla (“Trezub”) əvəzlənib.

“Report” xəbər verir ki, bu barədə ölkənin UNIAN nəşri məlumat yayıb.

Bildirilib ki, bazar günü səhər gerbin konstruksiyasının monumentin qalxanına qaldırılmasına başlanılıb.

Üçdişli mizraq taxıldıqdan sonra qalxanın xarici görünüşü üzərində kosmetik işlərin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, avqustun 1-də “Ana Vətən” gerbindəki sovet simvolu sökülüb. Ötən ilin iyulunda ölkənin Mədəniyyət Nazirliyi Ukraynanın ən böyük abidəsindən sovet gerbinin sökülməsinin zəruriliyi ilə bağlı ukraynalıların fikrini öyrənmək üçün sorğu keçirib. 90 %-dən çoxu köhnə gerbin yığışdırılmasının tərəfdarı olub. Eyni zamanda, 85 % heykəlin qalxanına Ukrayna simvolunun yerləşdirilməsi ideyasını bəyənib.