Ukrayna Təhlükəsizlik Xidməti (UTX) növbəti unikal əməliyyatını həyata keçirib və üçüncü dəfə Krım körpüsünə zərbə endirib.
Bu barədə AZƏRTAC Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadla xəbər verir.
Məlumatda bildirilir ki, əməliyyat bir neçə ay davam edib. Əvvəlcə Təhlükəsizlik Xidmətinin agentləri Krım körpüsünün dayaqlarını partladıcı qurğularla minalayıb, bu gün isə saat 04:44-də ilk partlayıcı qurğu işə salınıb.
Partlayış zamanı körpünün sualtı dayaqlarına ciddi ziyan dəydiyi bildirilir. Ukrayna Təhlükəsizlik Xidməti qeyd edir ki, trotil ekvivalentində 1100 kiloqram partlayıcı maddə istifadə olunub. Körpü faktiki olaraq qəza vəziyyətindədir.
UTX-nin rəhbəri, general-leytenant Vasili Malyuk əməliyyatın keçirilməsini şəxsən nəzarətdə saxlayıb və onun planlaşdırılmasını koordinasiya edib.
“Allah üçlüyü sevir, UTX isə həmişə planlaşdırılan işi sona çatdırır və heç vaxt təkrar etmir. Biz 2022 və 2023-cü illərdə iki dəfə Krım körpüsünə zərbə endirdik. Bu səbəbdən həmin ənənəni bu gün su altında davam etdirdik. Rusiyanın heç bir qanunsuz obyektinin dövlətimizin ərazisində yeri yoxdur. Buna görə də Krım körpüsü tamamilə qanuni hədəfdir, xüsusilə də nəzərə alsaq ki, körpü Rusiya qoşunlarının təminatı üçün logistika arteriyası kimi istifadə olunur. Krım Ukraynadır və hər hansı təxribatlara sərt cavab veriləcək”, – deyə o bildirib.
Xatırladaq ki, 2022-ci il oktyabrın 8-də Krım körpüsündə yük maşını partladılıb. O zaman partlayışdan əlavə güclü yanğın da baş verib.
2023-cü ilin iyul ayında isə Krım körpüsünə təkrar hücum edilib. İki körpü arası hissə dağıdılıb. UTX-nin rəhbəri V. Malyuk bu hücuma xüsusi xidmət orqanlarının aid olduğunu təsdiqləyib və qeyd edib ki, əməliyyat “Sea Baby” dronları vasitəsilə həyata keçirilib.