Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Azərbaycanda rəsmi səfərdədir

Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Türk.az xəbər verir ki, səfər çərçivəsində Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyuk Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra M.Sokolyuk Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüşüb.

Miqrasiya sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsinin aparıldığı görüşdə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Ukraynanın Dövlət Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” layihələri müzakirə olunub və hər iki sənədin razılaşdırılması istiqamətində səylərin davam etdirildiyi qeyd edilib.

Həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılan görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin miqrasiya orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib, eyni zamanda miqrasiya orqanları arasında qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyinə toxunulub.

Qeyd olunub ki, Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etməsinə öz töhfəsini verəcəkdir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.