TÜRKPA Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bəyanatda bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliamının 30-cu ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, Azərbaycan xalqına və hökumətinə başsağlığı verilib.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinə edilən hücum nəticəsində misli görünməmiş qətliam törədilib, yaşlılar, qadınlar, uşaqlar da daxil olmaqla yüzlərlə günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib, yaralanıb və əsir götürülüb. Bu qətliam tarixə ən qəddar və qeyri-insani cinayətlərdən biri kimi daxil olub. Üzərindən illər keçsə də, Xocalı qətliamı qurbanlarının xatirəsi unudulmur.

Bəyanatda dünya miqyasında həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasında TÜRKPA-nın Azərbaycan hökumətinə dəstəyi ifadə olunub.

Qeyd edilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad edərək şanlı Zəfər qazanıb və tarixi ədaləti bərpa edib. Bütün türk dünyasının qürur mənbəyi olan böyük Zəfər Azərbaycan xalqının qələbə əzminin parlaq təcəssümüdür.