TÜRKPA ilə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlıq müzakirə olunub

Yanvarın 26-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyası çərçivəsində Bəhreyn Krallığının Manama şəhərində bir sıra görüşlər keçirib.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə ilk görüş Beynəlxalq Parlamentarilər Konqresinin Prezidenti, İordaniya Haşimilər Krallığının sabiq vitse-spikeri AbdelRahim Almaaia ilə olub.

Görüş zamanı 2023-cü ildə TÜRKPA ilə Beynəlxalq Parlamentarilər Konqresi arasında imzalanmış Əməkdaşlıq və Qarşılıqlı Anlayış Memorandumunun icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi TÜRKPA-ya üzv ölkələrin parlamentarilərinin fəal iştirakı ilə inkişaf etdirilə bilər. Bu baxımdan, əlaqələrin yeni mərhələyə yüksəldilməsi məqsədilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament üzvlərinin Beynəlxalq Parlamentarilər Konqresi çərçivəsində daha aktiv iştirakı ilə bağlı qarşı tərəfin xahişi ifadə edilib.

Tərəflər sözügedən məsələlər ətrafında geniş müzakirə aparıblar və müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq imkanlarının razılaşdırılması barədə razılığa gəliblər.

ƏvvəlkiAzərbaycanlı riyaziyyatçı Mittaq-Leffler İnstitutunun diplomu ilə təltif olunub