Türkmənistan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə müşahidəçi statusu alacaq

Türkmənistanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) müşahidəçi statusu almaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bunu Türkmənistanın Qazaxıstandakı səfiri Batır Rəcəbov bu ölkənin xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşündə bildirib.

Türkmənistanın AQEM-də müşahidəçi olmaq barədə qərarını alqışlayan naziri bildirib ki, Qazaxıstanın sədrliyi dövründə müşavirə iştirakçılarının sayının çoxalması bu təşkilatın nüfuzunun artdığını göstərir.

Görüşdə M.Tleuberdi və B.Recepov ikitərəfli əməkdaşlığın aktual məsələlərini, keçiriləcək tədbirlər cədvəlini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiya dövlətlərinin əməkdaşlığının möhkəmləndirilməsi üçün yaradılmış beynəlxalq forumdur.

BMT də daxil olmaqla, səkkiz ölkə və beş beynəlxalq təşkilat AQEM-də müşahidəçi statusuna malikdir.

Xatırladaq ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 1992-ci il oktyabrın 5-də Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb.