Türkiyənin Ali Təhsil Şurasının (YÖK) RƏHBƏRİ Erol Özvar “yaşıl iqtisadiyyat” sahəsi üzrə kadr hazırlığı məqsədilə ölkənin ali təhsil ocaqlarında yeni şöbələrin açılacağı ilə bağlı planlar barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, YÖK rəhbəri Ankarada keçirilən Universitetlərarası Əlaqələr Şurasının 261-ci iclasında çıxışı zamanı “yaşıl transformasiya və rəqəmsallaşma” sahələrində iqtisadiyyatda artan tələbatlara diqqət çəkib.
“Təkcə bakalavriat səviyyəsində deyil, həm də magistratura və doktorantura səviyyəsində təhsil proqramlarını tətbiq etməyi nəzərdə tuturuq”, – deyə Еrol Özvar bildirib.
YÖK rəhbəri son illərdə Türkiyə universitetlərində süni intellekt sahəsi üzrə ixtisasların sayının artdığını xatırladıb.
“Bu gün biz “yaşıl iqtisadiyyat” sahəsində oxşar bir səfərbərlik elan edirik. Mövcud proqramlara “yaşıl transformasiya” mövzusunu inteqrasiya etməyə və onları daima müasirləşdirməyə çalışırıq”, – deyə Еrol Özvar qeyd edib.
O, həmçinin kibertexnologiyalar və kibertəhlükəsizlik sahələrini də perspektivli istiqamətlər kimi dəyərləndirib. “Türkiyədə bu sahələr üzrə fakültə və ixtisasların sayı da artacaq”, – deyə YÖK rəhbəri əlavə edib.