Türkiyənin vitse-prezidenti mənəvi və humanitar dəstəyə görə Azərbaycana təşəkkür edib

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin gedişatı müzakirə edilib, Azərbaycan xilasedicilərinin fəlakət bölgələrində axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirdikləri xüsusi vurğulanıb.

F.Oktay zəlzələnin ilk saatlarından Türkiyəyə göstərilən mənəvi və humanitar dəstəyə, bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması və çətinliklərlə üzləşən insanlara yardım göstərilməsi üçün bütün imkanlarını səfərbər etdiyinə görə qardaş Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürünü bildirib.