Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur

Dəniz mövsümünün açılması insanlarda təbii olaraq çimərliklərin yeni növ koronavirusun yayılmasına təsiri barədə bir sıra suallar yaradır.

AZƏRTAC xəbər verir ki, türkiyəli mütəxəssislərin fikrincə virusun sudan yoluxma riski olduqca azdır. Lakin, çimərliklərdə insanlar dənizdən istifadə etməklə yanaşı eyni zamanda sıx toplaşır, yaxın təmasda olurlar. Bu da xəstəliyin yayılmasına yol açan əsas səbəblərdən biridir. Məhz bu səbəbdən Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısının alınması məqsədilə bir sıra qadağalar tətbiq olunur. Bu qadağalar arasında insanlar arasında dənizdə sosial məsafə aralığı bir metr müəyyən edilib, hətta bəzi bölgələrdə çimərlik və dənizdə maskadan istifadə qaydaları tətbiq olunur.

Hazırda Türkiyənin bəzi bölgələrində virusun artması müşahidə olunur. Hətta bəzi yaşayır ərazilərində sərt karantin qaydaları yenidən qüvvəyə minib. Lakin, bunun yay mövsümü və ya çimərliklərin açılması ilə əlaqəsi mütəxəssislər tərəfindən araşdırılır.

Xatırladaq ki, dünyada ilk dəfə Türkiyədə su və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılırb. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbul daxil olmaqla ölkənin 81 vilayətində tullantı və palçıq sularında virus aşkarlanıb.

Onu da qeyd edək ki, mütəxəssislər aprel ayı ilə müqayisədə son nümunələrin alındığı iyunda tullantı sularında virusun artdığını müşahidə ediblər.

Türkiyənin turistik bölgələri, o cümlədən Antalyada da tullantı sularında virusa rast gəlinib. Mütəxəssislər sularda tapılan virusun ölü olduğunu bildiriblər ki, bu da müsbət haldır.

Hazırda türkiyəli mütəxəssislər tərəfindən mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması işlərinə başlanılıb.