Türkiyə xalqı Mustafa Kamal Atatürkün əziz xatirəsini yad edir

Bu gün Türkiyə Respublikasının qurucusu, böyük türk xalqının xilaskarı, qazi Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümüdür.

AZƏRTAC xəbər verir ki, böyük Öndərin əziz xatirəsini anmaq məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələrinin də daxil olduğu rəsmi heyət Türkiyə xalqının böyük oğlunun məzarını – Anıtqəbri ziyarət edib.

Türkiyə vaxtı ilə saat 09:05-də – Mustafa Kamal Atatürkün vəfat etdiyi an bütün ölkədə dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin İstiqlal marşı səsləndirilib. Anıtqəbir önünə əklil qoyulub.

Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin Xatirə kitabına ürək sözlərini yazıb.

Türkiyənin bütün bölgələrində anım mərasimləri keçirilir.

Səksən üç il əvvəl gözlərini əbədi yuman Atatürkün əziz xatirəsi qədirbilən türk xalqının qəlbində əbədi yer qazanıb. Böyük Öndəri həyatdan ayıran zaman uzaqlaşdıqca Atatürk sevgisi daha uca zirvələri fəth edir.