Türkiyə Silahlı Qüvvələrinin aviasiyası meşə yanğınlarının söndürülməsinə cəlb olunacaq

Türkiyə Silahlı Qüvvələrinin aviasiyası ölkədə baş verə biləcək güclü meşə yanğınlarında “ehtiyat güc” statusunda hazır dayanacaq.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi ilə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında protokol imzalanıb.

İmzalanan sənədə görə, Türkiyə Silahlı Qüvvələrinin 2 təyyarəsi və 18 helikopteri “ehtiyat güc” arsenalına daxil edilib. Hər biri 2,5 və 7,5 ton tutumunda olan “bambi baket” adı verilmiş plastik çənlər aviasiya vasitələrinin gücü ilə yanğın nöqtələrinə çatdırılacaq. Pilotlar çənlərin necə daşınması və istifadə qaydalarına dair təlim keçiblər.

Qeyd edək ki, ötən il Türkiyədə tüğyan edən meşə yanğınları böyük sahədə yaşıllıq sahələri məhv edib. Hökumət belə risklərin bir daha olmaması üçün ciddi tədbirlər görürlər.