Türkiyə Prezidenti Respublika Günü münasibətilə Anıtqəbiri ziyarət edib

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü, Respublika Günü təntənə ilə qeyd olunur.

Bu münasibətlə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə rəsmi heyət Anıtqəbiri ziyarət edib.

Türkiyə Respublikasının banisi, qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub.

Sonra Türkiyənin dövlət himni səsləndirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.

Builki bayram gününün özəlliklərindən biri də odur ki, ilk dəfə olaraq Türkiyənin Respublika Günündə bir çox yerlərdə Azərbaycan və Türkiyənin dövlət bayraqları qoşa dalğalanır. Ermənistanın işğalçılıq siyasəti və ölkəmizə qarşı davamlı hücumları səbəbindən sentyabrın 27-dən etibarən Azərbaycan Ordusuna dəstək məqsədilə yaranan bu ənənə Azərbaycan-Türkiyə qardaşlığına xüsusi əzəmət verib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin elan olunduğu 29 Oktyabr – Respublika Günü münasibətilə qardaş ölkənin bütün ərazisində küçə və meydanlar bayramsayağı bəzədilib. Bir sıra bayram tədbirləri, o cümlədən Prezident Administrasiyasında rəsmi qəbul və sair keçiriləcək.