Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonu ilə tanış olub

“Dubay Ekspo 2020” sərgisində Türkiyə Milli Gününün açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan pavilyonu ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, “Dubay Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyə dövlətinin başçısına Azərbaycan pavilyonunun eksponatları haqqında ətraflı məlumat verib. Anar Ələkbərov qeyd edib ki, “Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır” konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Diqqətə çatdırılıb ki, pavilyonda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.

Prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan pavilyonunun eksponatları ilə tanış olublar.

“Qardaş Azərbaycanın “Dubay Ekspo”dakı təqdimatı iftixara səbəb oldu”, – deyən Rəcəb Tayyib Ərdoğan Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın pavilyondakı canlı ifasından, “Sarı gəlin” mahnısından təsirləndiyini bildirib.