Türkiyə parlamentində Ermənistanın müharibə cinayətlərinə dair panel müzakirəsi və fotosərgi keçirilib

Aprelin 26-da Türkiyə Böyük Millət Məclisində (TBMM) “Ermənistanın müharibə cinayətləri” mövzusunda xüsusi tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, TBMM-in İnsan Haqlarının Araşdırılması Komissiyası tərəfindən hazırlanan, Türkiyə parlamentinin rəhbəri Mustafa Şentopun da iştirakı ilə keçirilən tədbirə rəsmi şəxslər, diplomatlar, elm adamları qatılıblar.

Tədbirin proqramına “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel müzakirəsi, “Müharibə cinayətləri” şüarı ilə fotosərgi daxil edilib.

Əvvəlcə iştirakçılar “Müharibə cinayətləri” mövzusunda fotosərgi ilə tanış olublar. Ermənistanın işğalçılıq siyasəti və davamlı hərbi təxribatları nəticəsində ötən il sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən müharibəsində təcavüzkar tərəfin həyata keçirdiyi müharibə cinayətlərini əks etdirən fotolar erməni vandallığının bariz nümunəsi kimi ziyarətçilərə təqdim olunub. 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistanın siyasi-hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Azərbaycanın dinc əhalisi, mülki obyektlər, yaşayış məskənləri, infrastruktur düşmənin raket və artilleriyasının hədəfinə çevrilib. Hücumlar nəticəsində baş verən dağıntılar və insan faciələri fotosərgi vasitəsilə dünya ictimaiyyətinə çatdırılıb.

Tədbirin “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel müzakirəsinin açılışında Türkiyə Böyük Millət Məclisindin sədri Mustafa Şentop və TBMM-nin İnsan Haqlarının Araşdırılması Komissiyasının sədri, AKP millət vəkili Hakan Çavuşoğlunun çıxışları dinlənilib.

Qeyd edək ki, tədbirin təşkilində məqsəd 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı irəli sürülən haqsız ittiham və iddialara cavab olaraq, ermənilərin Qarabağ müharibəsi zamanı törətdikləri müharibə cinayətlərini insan haqlarının və hüquqlarının pozulması aspektindən siyasi, hüquqi və elmi baxımdan dünyaya çatdırmaqdır. Türkiyə və türk xalqı hər zaman sülhün, birgəyaşayışın və dostluğun tərəfdarı olub. Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin müzakirə aspektlərini açıq şəkildə ifadə edib. Bundan başqa, Türkiyə o dövrün gerçəklərini ortaya çıxarmaq məqsədilə 2005-ci ildə ortaq tarixi komissiya yaratmaq təklifi ilə çıxış edib və real addımlar atıb. Təəssüf ki, Ermənistan tərəfi bu humanist addımı da lazımı şəkildə dəyərləndirməyib.