Türkiyə parlamenti Azərbaycan Milli Məclisinin Fransa Senatının qərəzli qətnaməsinə qarşı bəyanatını dəstəkləyib

Fransa Senatında qəbul edilmiş “qətnamə” həqiqətləri gizlətməyə və açıq şəkildə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını pozmağa qarşıdır.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun yaydığı etiraz bəyanatında əksini tapıb.

Qrupun rəhbəri Şamil Ayrım və digər 3 deputat tərəfindən imzalanan sənəddə diqqətə çatdırılır ki, qəhrəman Azərbaycan Ordusu otuz il Ermənistanın işğalı altında saxlanılan torpaqları şanlı bir mücadilə əsasında azad edib.

Qırx dörd günlük Vətən savaşının nəticələri və sonrakı proseslərdən bəhs edilən bəyanatda vurğulanır ki, BMT-nin əsasnaməsinə və Azərbaycanın Konstitusiyasına qarşı olan Fransa Senatının məlum qərarının heç bir hüquqi əsası yoxdur. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə suveren hüquqlarını təmin edir. Fransa beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlar atır.

Sənədin sonunda qeyd olunur ki, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupu Fransa Senatının qərəzli qətnaməsinə qarşı Azərbaycan Milli Məclisinin bəyanatını tam şəkildə dəstəkləyib.