Türkiyə Milli Müdafiə Nazirliyi bütün terror təşkilatlarına qarşı mübarizəni davam etdirir

Bu il yanvarın 1-dən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında icra edilən 180 antiterror əməliyyatı nəticəsində 425 terrorçu zərərsizləşdirilib. 2015-ci il iyulun 24-dən bu yana, İraq və Suriyanın şimalı da daxil olmaqla aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçu sayı isə 34 950 nəfərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin zabiti, dəniz piyada kapitanı Burcu Nalic Yokuva nazirliyin məlumatlandırma toplantısında bildirib.

Məlumatda Türkiyənin Milli Müdafiə Nazirliyinin FETÖ, PKK/KCK/PYD-YPG və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizəsinin bütün birlik və qurumlarla davam və inkişaf etdirdiyi bildirilib.

Rusiya ilə Ukrayna arasındakı gərginliyə toxunan Burcu Nalic Yokuva deyib: “Gərginliyin mümkün qədər tez azaldılması və diplomatik yollarla həll edilməsi çağırışımızı təkrarlayırıq və daha çox insan tələfatının qarşısını almaq, sülh və sabitliyi təmin etmək üçün təcili atəşkəs elan edilməsinin vacibliyini bir daha vurğulayırıq. Hesab edirik ki, Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün Montrö Anlaşması ilə müəyyən edilmiş status-kvo qorunmalıdır”.

Açıqlamada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın bu il iyunun 15-16-da Brüsseldə keçiriləcək NATO-nun Müdafiə Nazirləri Toplantısında, iyunun 29-30-da isə Madriddə baş tutacaq NATO-nun Dövlət və Hökumət Başçıları Sammitində ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsilən iştirak edəcəyi bildirilib.

Kapitan Yokuva nazirliyin bütün bölmələrinin Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən əməkdaşlarına qarşı mübarizəni qətiyyətlə davam etdirdiyini, 15 iyul 2016-cı il tarixindən bu yana 24 min 387 əməkdaşın vəzifəsindən azad edildiyini, 781 şəxsi heyətlə bağlı inzibati prosesin davam etdiyini bildirib.