Türkdilli ölkələrin liderləri arasında koronavirusa dair danışıqlar aparılacaq

Türk Şurasının üzv ölkələrinin liderləri arasında yaxın günlərdə COVID-19 virusuna qarşı birgə tədbirlərə dair onlayn müzakirələr aparılacaq.

“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini İlham Nemətov Beynəlxalq Mətbuat Klubunun iclasında bildirib.

İclasda pandemiyaya qarşı mübarizədə dünya birliyinin həmrəylik göstərə bilib-bilməməsi, Özbəkistanın koronavirusa qarşı tədbirlərinin beynəlxalq aləmdə necə dəyərləndirilməsi və başqa məsələlər müzakirə mövzusu olub.

Özbəkistanın koronavirusa qarşı fevral ayından mübarizə apardığını diqqətə çatdıran nazir müavini pandemiyanın yaratdığı çətinliklərdən danışaraq bildirib: “Bu gün hər bir dövlət səlahiyyəti, imkanları, iqtisadi inkişafı baxımdan pandemiya üzündən çox ağır vəziyyətə düşüb”.

İndiyədək xaricdə olan vətəndaşlarının xeyli hissəsini vətənə qaytardıqlarını vurğulayan İ.Nemətov Qazaxıstandan 7 minə yaxın, Çindən 3,5 min, Türkiyədən də mindən artıq özbəkistanlının ölkəyə gətirildiyini qeyd edib.

Həmçinin ilk dəfədir MDB sədri olan Özbəkistanın planlarında dəyişiklik olmadığı, vəziyyətin normallaşacağ təqdirdə oktyabr ayının 26-na nəzərdə tutulan sammitdə 11 sənədin imzalanacağı qeyd olunub.