Türkdilli dövlətlərin sığorta sistemi inteqrasiya olunacaq – Yeni federasiya yaradılacaq

Türk Dövlətləri Təşkilatı çərçivəsində Sığorta Birliyi Federasiyası yaradılacaq.

Bunu Trend-ə müsahibəsində Türkiyə Sığortaçılar Birliyinin sədri Atilla Benli deyib.

A.Benli qeyd edib ki, Azərbaycan və Türkiyə arasında sığorta sahəsində Yaşıl Kart sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolu saxta yaşıl kartların qarşısını almaqla yanaşı həmin prosesi daha da sadələşdirəcək.

“Azərbaycanla birgə layihələrimiz bununla məhdudlaşmır. Türkiyənin sığorta sahəsindəki təcrüəblərini Azərbaycanla paylaşırıq.

Daha sonrakı mərhələdə isə Türk Dövlətləri Təşkilatı çərçivəsində Sığorta Birliyi Federasiyası yaratmağı planlaşdırırıq. Hazırda bununla bağlı müzakirələr gedir. Yaxın müddətdə türk dövlətləri ilə daha koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyik” – deyə o bildirib.

Qeyd edək ki, 14 mart İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında Yaşıl Kart sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolu imzalanıb. Protokola əsasən Türkiyə və Azərbaycan gömrük-sərhəd keçid məntəqələrində hər iki ölkənin Yaşıl Kartlarının etibarlılığının rəqəmsal texnologiyalardan istifadə edilməklə yoxlanılması mümkün olacaq.