Türk xalqlarının yaşadığı çadır Qazaxıstandan Azərbaycana gətirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalına start verilib.

“Report”un xəbərinə görə, festival ilk olaraq Quba rayonunda yerləşən “ASAN Həyat” kompleksində olub. Festivalda Quba Şəhər İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Dövlət Agentliyinin təmsilçiləri, İH-nin, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ziyalıları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Festival Qubadan sonra Şəki və Masallı rayonlarında keçiriləcək

Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağızadə “Report”a açıqlamasında bildirib ki, festivalın keçirilməsinin əsas məqsədi Azərbaycan xalqının qədim dəyərlərindən biri olan Novruz bayramının adət-ənənələrini yaşatmaqdan ibarətdir:

“Bu ənənələri gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etmək əsas məqsədlərdəndir. Həmçinin Novruz bayramını qeyd edən ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi prioritetdir. Festival martın 5-dək Qubada, daha sonra isə Şəki və Masallı rayonlarında keçiriləcək. Biz festivala Novruz bayramını qeyd edən ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşlarını da dəvət etmişik. Onlar da Novruz bayramı ilə bağlı öz ölkələrinə aid olan müxtəlif sərgilər nümayiş etdirirlər”.

Festivalda Novruz bayramını qeyd edən Özbəkistan, Türkmənistan və İranın milli adət-ənənələri, həmin ölkələrin milli mətbəxi nümayiş olunub.

Səmənidən hazırlanan dadlı özbək xörəyi

Festival çərçivəsində nümayiş olunan sərgidə Özbəkistanın milli geyimləri və mətbəxindən nümunələr əks olunub. Həmin nümunələr haqqında festival iştirakçılarına məlumat verilib. Özbəkistanın Azərbaycandakı səfirliyinin əməkdaşı Şahidə Mehdiyeva “Report”a bildirib ki, festivalda Özbəkistanda Novruz bayramında süfrələrdə yer alan əsas yeməkləri, milli geyimləri nümayiş olunub. Onun sözlərinə görə, ölkənin əsas xörəklərindən birinin adı sümənəkdir:

“Bu xörəyi bişirməzdən öncə səməninin suyu sıxılıb süzüləndən sonra 24 saat ərzində saxlanılır. Daha sonra isə o qazanda bişirilir və dadlı sümənək yeməyi ərsəyə gəlir. Bu yemək həm də sağlamlıq üçün müalicəvi vasitələrdən biridir. Bundan əlavə, ölkədə Novruz süfrələrinin bəzəyi olan özbək aşı var. Eyni zamanda, Özbəkistan quş dili, çüçvəra, çak-çak kimi şirniyyat növləri ilə də məşhurdur”.

Festivalda yarmarkalar da təşkil olunub. Yarmarkalarda Şəki halvası, müxtəlif cür şirniyyatlar, piti qabları, papaq, kəlağayılar və s. satışa çıxarılıb. Eyni zamanda, “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilib.

Qədim türk xalqlarının yaşadığı çadır festivalda nümayiş olunması üçün Qazaxıstandan Azərbaycana gətirilib

Festivalda türk xalqlarının qədim həyat tərzini əks etdirən eksponatlar nümayiş olunub. Onların yaylaq və qışlaqlarda məskən salaraq yaşadığı çadır milli ornamentlərlə bəzədilərək təqdim olunub. “Qədim yurd” adlı çadır bir neçə gün bundan öncə Qazaxıstandan Azərbaycana gətirilib. Çadırın xüsusi üslubda dizaynı hazırlanıb. “ASAN Həyat” kompleksləri ilə iş şöbəsinin müdiri İlqar Vahabov deyib ki, “Qədim yurd” çadırı türk adət-ənənəsi özündə əks etdirən yaşayış evidir: “Qədim türklər məhz bu cür çadırlarda yaşayıblar.

“Qədim yurd” çadırı türk xalqlarının daha çox baharın gəlişi ilə əlaqədar olaraq özləri üçün hazırladıqları evləri olub. Bu çadır digər rayonlarda da həyata keçiriləcək festivallarda nümayiş olunacaq”.

Festival konsert proqramı ilə davam etdirilib və tanınmış musiqi ustaları tərəfindən Azərbaycan mahnıları ifa olunub.