Türk Tarix Qurumu Mir Möhsün Nəvvabın əsərini çap edib

Türkiyənin mötəbər elmi qurumlarından olan Türk Tarix Qurumu, XIX-XX əsrlərdə Şuşada yaşayıb-yaratmış şair, rəssam, xəttat, musiqişünas və bir çox adlarla tanınmış alim Mir Möhsün Nəvvabın (1833– 1918) Azərbaycan tarixinin son dərəcə önəmli hadisələrinə işıq tutan “1905-1906-cı illərdə erməni müsəlman davası” əsərini çap edib.

AZƏRTAC xəbər verir ki, real faktlar əsasında qələmə alınan və ermənilərin 1905-1906-cı illərdə törətdiyi vəhşilik və cinayət əməllərini tam gerçəkliyi ilə əks etdirən bu əsər bir sıra aktual mətləblərə aydınlıq gətirir. Əsəri oxuyarkən ermənilərin günümüzdə də eyni vandalizm siyasətini davam etdirdikləri bir daha təsdiq olunur. Kitabı türk dilində nəşrə hazırlayan Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının rəhbəri Ali Asker və Sivas Cümhuriyyət Universitetinin müəllimi Serap Bozpolat Ayan Şuşanın azad edildiyi tarixi günlərdə belə bir əsərin nəşr edilməsinin son dərəcə əlamətdar hadisə olduğunu qeyd edirlər.

Bilindiyi kimi günümüzdə türklərə qarşı yönəlmiş saxta erməni iddialarına qarşı tarixi həqiqətləri o dövrdə hadisələrə şahidlik edənlərin dilindən, birinci mənbə kimi təqdim etmək böyük əhəmiyyət kəsb edir.

Azərbaycan tarixi ilə bağlı həqiqətləri ortaya qoyan bu cür əsərlər sovet dövründə arxivlərin tozlu rəflərində qalmış və nəşrinə icazə verilməmişdir. Yalnız müstəqillik illərində bu əsərlər geniş oxucu kütləsinə məlum olmuşdur. Nəvvabın bu əsəri ilk dəfə 1993-cü ildə azərbaycanlı alimlər Kamandar Şərifli və Arif Ramazanzadə tərəfindən əski əlifbadan çevrilərək tərtib edilmiş və “Azərbaycan” nəşriyyatı tərəfindən “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı ilə nəşr edilmişdir.