Türk Şurası Sağlamlıq Koordinasiya Komitəsi ilk videokonfrans görüşünü keçirib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Səhiyyə nazirlərinin aprelin 28-də videokonfrans formatında keçirilən görüşündə qəbul edilən qərarların həyata keçirilməsi üçün Türk Şurası Sağlamlıq Koordinasiya Komitəsi ilk videokonfrans görüşünü keçirib.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevin başçılığı ilə keçirilən toplantıya Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Viktor Qasımov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Samir Abdullayev, Qazaxıstan Respublikası Səhiyyə nazirinin müavini Lyudmila Byurabekova, Qırğızıstan Respublikası Səhiyyə nazirinin müavini Nurbolot Usenbaev, Türkiyə Səhiyyə nazirinin müavini Emine Alp Meşe, Özbəkistan Respublikası Səhiyyə nazirinin birinci müavini Yusubaliyev Bohadir Kahramanoviç və Macarıstan Səhiyyə xidmətləri müdiri Cecilia Müller qoşulublar.

Görüşdə yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, erkən diaqnozun qoyulması və epidemioloji vəziyyətin nəzarətdə saxlanılması barədə təcrübə mübadiləsi aparılıb. Həmçinin xəstəliyin qarşısının alınması və müalicəsində yeni metodların araşdırılması üçün əməkdaşlıq müzakirə edilib.