Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov TDT çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrini əhatə edən yeni platformanın üzv ölkələr arasında tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, TDT-nin bu ilin oktyabrın əvvəlində Azərbaycanda keçirilmiş XII Zirvə Toplantısında qəbul edilmiş Qəbələ Bəyannaməsində də süni intellektin, yaşıl və rəqəmsal texnologiyaların sənaye strategiyalarına inteqrasiyasının təşviqi məsələləri əksini tapıb. Sənayenin rəqəmsal transformasiyası, innovasiya ekosisteminin, insan kapitalının inkişafı və sahibkarlığın dəstəklənməsi üzrə birgə təşəbbüslərin həyata keçirilməsi üzv ölkələrdə iqtisadi artımın sürətləndirilməsinə və regional inteqrasiyanın möhkəmləndirilməsinə xidmət edir.
İclasda əqli mülkiyyətin elm, sənaye və innovasiyanın inkişafında təməl rol oynadığı vurğulanıb, Ümumtürk Patent Təşkilatının (CTPO) yaradılması təşəbbüsünün bu sahədə işbirliyini gücləndirəcəyi qeyd edilib. Həmçinin, Türk Dövlətləri Metrologiya Təşkilatının (TÜRKMET) yaradılması təşəbbüsünün elm, sənaye, texnologiya sahələrinin inkişafı baxımından strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, TÜRKMET-in təsis edilməsi regional iqtisadi tərəfdaşlığın dərinləşməsinə, elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, Bişkekdə imzalanmış Türk Dövlətləri Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) rəqəmsal iqtisadi əməkdaşlığın dərinləşməsində mühüm addım olduğu nəzərə çatdırılıb.
Tədbirdə Azərbaycanın startaplar sahəsində təşəbbüsləri barədə məlumat verilib və bu sahədə əməkdaşlıq imkanları qeyd olunub. Ölkələrimizin startap sahəsində birgə fəaliyyətini təşviq etmək, innovativ ideyaların reallaşdırılması və regiondaxili bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılması təklif edilib.
İclasda özəl sektorun iqtisadi əməkdaşlıq formatlarına daha fəal cəlb olunmasının vacibliyi qeyd olunub. Bildirilib ki, biznes strukturları ideyaların, texnologiyaların və investisiyaların mənbəyi kimi iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilməlidirlər. İstehsal müəssisələri, tədqiqat mərkəzləri və startap ekosistemləri bir araya gələrək regionda sənayenin dayanıqlı inkişafını və innovativ artımın əsasını gücləndirə bilər. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən iri sənaye şirkətlərinin iştirakı ilə texnologiya platformasının qurulması təklif olunub.
Şimal və Cənub, Şərq və Qərb arasında strateji coğrafi mövqeyə malik TDT ölkələrinin bu üstün potensialdan və Orta Dəhlizin artan imkanlarından səmərəli faydalanmasının vacibliyi diqqətə çatdırılıb.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev qurumun son illərdə sürətlə inkişaf edərək dinamik və məqsədyönlü regional struktura çevrildiyini bildirib. Üzv ölkələrin ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət, innovasiya, rəqəmsallaşma, ətraf mühit də daxil olmaqla bir çox sahələrdə fəal tərəfdaşlıq etdiyi qeyd olunub.
İclasda Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mehmet Fatih Kacır üzv ölkələr arasında texnoloji inteqrasiya, süni intellekt, yaşıl iqtisadiyyat və KOB-ların dəstəklənməsi kimi əsas istiqamətlərdə əməkdaşlıq imkanları barədə məlumat verib. Qeyd edilib ki, Türk dövlətləri arasında əməkdaşlığı daha da dərinləşdirmək və “Türk dünyası-2040 Vizyonu”na uyğun olaraq yüksək texnoloji və dayanıqlı inkişaf modelinin formalaşdırılması əsas məqsədlərdəndir.
Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov ölkəsinin birgə layihələrin inkişafına, qarşılıqlı investisiyaların artırılmasına və biznes üçün şəraitin yaxşılaşdırılmasına səy göstərdiyini bildirib. Yeni platforma çərçivəsində atılan addımların üzv ölkələrin qlobal çağırışlar şəraitində inamla irəliləməsinə imkan verəcəyi diqqətə çatdırılıb. Bu baxımdan, Türk İnvestisiya Fondunun rolu qeyd edilib. Fondun fəaliyyətinin bütün tərəflər üçün əhəmiyyətli layihələrin reallaşmasına imkan yaradacağına əminlik ifadə olunub.
Tədbirdə, həmçinin Qazaxıstan Respublikasının sənaye və tikinti nazirinin müavini Raxımjan İssakulov, Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin İnnovativ İnkişaf Agentliyinin rəhbəri vəzifəsini icra edən Asror Norov, Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma çıxış ediblər. Məruzəçilər innovasiyaların təşviqi, texnoloji əməkdaşlıq, birgə layihələrin icrası və iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikirlərini ifadə ediblər.
İclasda işçi qrupunun 1 illik fəaliyyəti barədə məlumat verilib. Üzv ölkələr arasında tanışlıq və təcrübə mübadiləsi prosesinin uğurla həyata keçirildiyi qeyd edilib, irəli sürülən təşəbbüslərin önəmi diqqətə çatdırılıb.
İclasda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclasının yekunlarına dair Bəyannamə qəbul edilib.
TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 3-cü İclasının növbəti il Qazaxıstanda keçirilməsi qərara alınıb.

























































