Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycan Prezidentini təbrik edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Həyata keçirdiyiniz müstəqil, ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikası dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş və regionumuzun aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Xüsusilə vurğulamaq istərdim ki, Sizin rəhbərliyiniz altında
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəinki Azərbaycan, bütövlükdə Türk dövlətləri və xalqları üçün qürur mənbəyinə çevrilmiş və Türk birliyinin daha da güclənməsinə təkan vermişdir. Türk Dövlətləri Təşkilatının İstanbul Zirvə toplantısında Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyiniz Türk dövlətlərinin birliyinə verdiyiniz əvəzedilməz töhfənin, eləcə də xalqlarımızın və bütövlükdə Türk dünyasının Sizə olan böyük rəğbətinin göstəricisidir.

İnanıram ki, Türk Dövlətləri Təşkilatının təsisçiləri sırasında olan və təşkilat çərçivəsindəki təşəbbüslərdə xüsusi çəkiyə malik Azərbaycan Respublikası Türk dövlətləri arasında ortaq tarixə, dilə, mədəniyyətə, çoxəsrlik ənənələrə və qardaşlığa əsaslanan sıx əməkdaşlığa bundan sonra da töhfəsini verəcəkdir.

Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizə və ailənizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.