Türk Dövlətləri Təşkilatı çərçivəsində ticarət dövriyyəsini artırmaq üçün Zəngəzur dəhlizinin böyük potensialı var

Türk Dövlətləri Təşkilatı çərçivəsində ticarət dövriyyəsini artırmaq üçün Zəngəzur dəhlizinin böyük potensialı var.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişafına böyük töhfə verib.

“Türkdilli dövlətlər arasında əməkdaşlığın əsas prinsipi ticarət-iqtisadi sahədə əməkdaşlıqdır. Bu gün türkdilli ölkələrin ticarət dövriyyəsi 5 milyard dollar təşkil edir ki, bunun da 15 faizi Azərbaycanın payına düşür. Biz bu ölkələr arasında 500 milyard dollar dəyərində ticarət potensialı görürük”, – S.Məmmədov deyib.

Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdiyini xatırladan nazir müavini vurğulayıb ki, minalara görə Azərbaycan bu əraziləri yenidən qurmaqda böyük çətinliklər yaşayır.

“Biz yeni yollar, elektrik xətləri və bir çox başqa infrastrukturlar yaratmışıq. Və bu işlər nə olursa olsun, davam edəcək. Ölkəmiz xarici sərmayələrdə maraqlıdır. Bu gün Qarabağda həyata keçirdiyimiz layihələrə sərmayədarları, investisiyaları cəlb etmək üçün lazımi şərait yaradırıq. Region müasir standartlara uyğun bərpa olunur və inkişaf etdirilir. Biz Qarabağın iqtisadi zonalarında öz müəssisəsini açmağı planlaşdıran biznesləri və investorları stimullaşdırırıq”, – S.Məmmədov bildirib.