Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə əməkdaşlığın əsas istiqamətləri olan nəqliyyat və enerji inteqrasiyası, rəqəmsallaşma, sülh və təhlükəsizlik məsələləri, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub.
Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev AZƏRTAC-a müsahibəsində Sammitin əsas nəticələri, Akademiyanın fəaliyyəti ilə qarşılıqlı əlaqəsi, eləcə də elm, innovasiya və ümumi türk əlifbası sahəsində həyata keçirilən layihələr barədə danışıb.
– Qəbələ Sammitində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev türk ölkələri üçün nəqliyyat və kommunikasiya əlaqələrinin strateji əhəmiyyətini vurğuladı. Siz Türk dünyasının iqtisadi inteqrasiyasının möhkəmlənməsində nəqliyyat-logistika əməkdaşlığının rolunu necə qiymətləndirirsiniz və Türk Akademiyası bu istiqamətdə hansı elmi təşəbbüsləri həyata keçirir?
– Nəqliyyat, enerji və kommunikasiya əlaqəliliyi məsələləri türk dövlətlərinin dayanıqlı inkişaf strategiyasında xüsusi yer tutur. Orta Dəhliz artıq Avrasiya ticarətinin əsas həlqəsinə çevrilməkdədir və onun səmərəliliyinin gələcəkdə də artırılması bütün türk inteqrasiyası üçün strateji əhəmiyyət daşıyır.
Bu kontekstdə Türk Akademiyası fəaliyyət dairəsini genişləndirərək humanitar sahələrlə yanaşı, iqtisadi, infrastruktur və ekoloji əməkdaşlıq aspektlərinə də diqqət yönəldib. Xüsusilə “Turkic Economies 2024: Strengthening Transport and Energy Connectivity among Turkic States” adlı illik analitik hesabatda nəqliyyat-logistika və enerji dəhlizlərinin inkişafı, enerji balansının şaxələndirilməsi və bərpaolunan enerji mənbələrinə keçid məsələləri ön plana çəkilib. Bu amillər regionun rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.
Bununla yanaşı, Akademiya təbii ehtiyatların dayanıqlı idarə olunmasını və ərzaq təhlükəsizliyini uzunmüddətli sabitliyin vacib komponentləri kimi nəzərdən keçirir. “Food Security and Sustainable Development in the Turkic States” və “Regional Review: Water Future Vision and Cooperation for Sustainability in the Turkic States” hesabatlarında kənd təsərrüfatının rəqəmsallaşdırılması, yaşıl texnologiyaların tətbiqi, suyun rasional istifadəsi, o cümlədən transsərhəd əməkdaşlıq və Xəzər dənizi ekosistemlərinin qorunması məsələləri təhlil olunur.
Bütün bu tədqiqatlar elmi əsaslara və strateji baxışa söykənən koordinasiya edilmiş siyasətin formalaşdırılmasına dəstək məqsədi daşıyır. Türk Akademiyası bundan sonra da intellektual inteqrasiya bazasının möhkəmlənməsinə, dayanıqlı inkişaf və ölkələrimiz arasında qarşılıqlı əlaqələrin dərinləşməsinə töhfə verməkdə davam edəcək.
– Ümumi türk əlifbası mövzusu Sammitdə yenidən gündəmə gətirildi. Bu barədə nə deyə bilərsiniz?
– Ümumi türk əlifbası məsələsi yalnız dilçilik deyil, həm də dərin mədəni-sivilizasiya əhəmiyyəti daşıyır. Vahid yazı sistemi xalqlarımızın ortaq tarixi və mədəni irsinə əsaslanan mənəvi birliyinin və qarşılıqlı bağlılığının rəmzidir.Ümumi türk əlifbası üzərində iş Türk Dövlətləri Təşkilatının tapşırığı ilə Türk Akademiyasının koordinasiyası altında həyata keçirilir.
Ötən ilin sentyabrında Bakıda Türk Dünyasının Ümumi Əlifba Komissiyasının üçüncü iclası keçirildi və orada Ümumi Türk Əlifbası haqqında Bəyannamə qəbul edildi. Tədbir Atatürk adına Yüksək Mədəniyyət, Dil və Tarix Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə baş tutdu. Akademiya tərəfindən dərc olunan bu sənəd vahid əlifba ideyasının təşviqi və onun praktiki tətbiqi üçün mühüm addım oldu.
Yeni əlifbanın imkanlarını nümayiş etdirmək məqsədilə Akademiya türk ədəbiyyatının görkəmli nümayəndələri olan Abayın “Qara sözlər” və Çingiz Aytmatovun “Ağ gəmi” əsərlərini ümumi türk əlifbasında sınaq nəşrlər şəklində çap edib. Bu nəşrlər Türk dünyasının mədəni birliyinin canlı təcəssümüdür.