Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb

Hazırda Qazaxıstanın dəmir yolları ötürücülük qabiliyyəti normasında fəaliyyət göstərir.

Bunu ölkənin Baş naziri Oljas Bektenov bildirib.

AZƏRTAC Qazaxıstanın Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, son 5 ildə ümumi tranzit həcmi 50 faiz artıb, Trans-Xəzər marşrutu üzrə isə 6 dəfə çoxalıb. Təkcə ötən il Çindən Avropaya daşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Hazırda Çinlə sərhəddə dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üçün genişmiqyaslı işlər aparılır.

“Bu il Dostıq–Moyıntı dəmir yolu xəttində ikinci yolu və Almatı ətrafında dairəvi yolu istifadəyə verəcəyik. Gələn il isə Darbaza–Maxtaral xəttinin inkişafını davam etdirəcəyik. Moyıntı–Kızıljar, Baxtı–Ayaqoz layihələri isə yaxın perspektivdə ötürücülük qabiliyyətimizi 10 milyon tona qədər artırmağa imkan verəcək”, – deyə hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin ilə Avropa ölkələrini Qazaxıstan ərazisindən, Xəzər dənizi hövzəsindən, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə birləşdirir.

ƏvvəlkiŞamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib
NövbətiNATO nümayəndə heyəti ilə görüş keçirilib