Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək “Airthings Masters” turnirinin qalibi olub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı 4,5:2,5 hesabla məğlub edərək qalib olub.

AZƏRTAC xəbər verir ki, şahmatçımız final mərhələsinin cavab matçında rəqibi L.Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan şahmatçımız turnirdə birinci yeri tutub.

Qeyd edək ki, T.Rəcəbov dünən keçirilmiş birinci matçda rəqibinə 2,5:1,5 hesabla qalib gəlib.

Xatırladaq ki, “Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.