TDƏŞ Katibliyinin Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi təsdiqlənib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol Milli Məclisdə təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, sənəd Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd edilib ki, maliyyə ili təqvim ili yanvarın 1-dən başlayan və dekabrın 31-də başa çatan vaxt müddətidir. Ödənişlər isə cari maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi məqsədilə tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir.

Daha əvvəl məcburi ödənişlərin bölgüsü Azərbaycan Respublikası – 2/15, Qazaxıstan Respublikası – 4/15, Qırğız Respublikası -1/15, Türkiyə Respublikası – 8/15 kimi müəyyənləşdirilib. Yeni layihəyə əsasən isə Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar ödənişlərin bölgüsü Azərbaycan Respublikası – 2/18, Qazaxıstan Respublikası – 4/18, Qırğız Respublikası -1/18, Türkiyə Respublikası – 8/18, Özbəkistan Respublikası- 3/18 kimi müəyyən edilib.

Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol” sənədi 2021-ci il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilmiş iclasında imzalanıb.