Taekvondoçularımız Avropa birinciliyində daha iki medal qazanıblar

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi davam edir.

Trend xəbər verir ki, Azərbaycan millisi yarışda daha iki medal qazanıb.

Komandamızın heyətində Mehdi Budaqlı dünya çempionatının ardınca qitə birinciliyində də fəxri kürsüyə yüksəlib. Belə ki, 33 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçu yarışa ispaniyalı Enol Peres üzərində qələbə ilə başlayıb. Dörddəbir finalda Evangelos Pantosu (Yunanıstan) da məğlub edən dünya çempionu yarımfinalda Dieqo Senesi (İtaliya) ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqib qalib gəldiyindən Budaqlı bürünc medala layiq görülüb.

Onun komanda yoldaşı Bahadur Dostuyev (49 kq) də fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Ardıcıl olaraq, Yahia Elaqami (Böyük Britaniya) və Asterios Fourkiotisu (Yunanıstan) yarışdan kənarlaşdıran təmsilçimiz finala gedən yolda Aristeidis Psarrosu (Yunanıstan) sınağa çəkib. Yarımfinalda rəqib üstün olduğundan Bahadur milliyə ikinci bürünc medalı qazandırıb.