Tərtərdə şəhid Məftun Əhmədzadə ilə vida mərasimi keçirilib

Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Məftun Seymur oğlunun cənazəsi doğulduğu Tərtər rayonunun Evoğlu kəndinə gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlə vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları və döyüş yoldaşları iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.

Kənd qəbiristanlığındakı dəfndə izdiham yaşanıb və mərasim iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndiriblər.

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb. İgid oğullarımız düşmənin bu günlərdə sərhəddə törətdiyi genişmiqyaslı təxribatlara da layiqli cavab verdilər. Bir daha Azərbaycan Ordusunun, onun igid oğullarının güc-qüvvəsini nümayiş etdirdilər. “Dəmir yumruq” düşmənin başını əzdi.

Dəfn mərasimində tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Seymur Əhmədova təqdim olunub. Şəhid yaylım atəşi altında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.