Tərtər şəhərinin daha üç küçəsinə şəhidlərin adları verilib

Tərtər şəhərindəki daha üç küçəyə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Vətən oğullarının adları verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidlərin ailə üzvləri iştirak ediblər. Mərasimdə çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda Qələbənin qəhrəman hərbçilərimizin qanı, canı bahasına başa gəldiyi, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağı vurğulanıb.

Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Küçələrə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Sənan Məmmədlinin, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Qənbər Qənbərlinin və Azər Şəmilovun adları verilib. Şəhid adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.