Təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub

Aprelin 20-də Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” silsilə müzakirələr çərçivəsində “Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq imkanları” mövzusunda növbəti müzakirə təşkil olunub.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, müzakirənin əsas məqsədi təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı ilə səmərəli əməkdaşlıq qurmaq və inkişaf etdirmək, vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərini dinləmək, onları narahat edən məsələləri müzakirə etmək və təkliflərini öyrənməkdir.

Şura sədri onu da vurğulayıb ki, bu, üçüncü ictimai müzakirədir. Bundan əvvəl müzakirə edilən “Məktəb-valideyn tərəfdaşlığı” ilə bağlı yeni konsept hazırlanır.

Müzakirədə çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirmək məqsədilə aparılan “Təhsilə ictimai baxış” silsilə müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib. Problemlərin həlli istiqamətində tədqiqata əsaslanan təkliflərin verilməsinin vacibliyinə toxunan nazir müşaviri qeyd edib ki, təhsil ümumxalq işidir. Təhsildə uğurun göstəricisi məzunların əmək bazarında öz yerini tapması səviyyəsi ilə əlaqəlidir. Buna görə əmək bazarının təhlilinə xüsusi yer verilməlidir.

Elnur Nəsibov Təhsil Nazirliyinin rəsmisi olaraq hər zaman cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazır olduqlarını vurğulayıb.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev də öz növbəsində əmək bazarı ilə təhsil prosesinin uyğunlaşdırılmasının vacibliyinə toxunub.

QHT nümayəndələri onları narahat edən məqamları və bu istiqamətdə təkliflərini diqqətə çatdırıblar.

Müzakirələrdə buraxılış imtahanları, peşə təhsili, inklüziv təhsil, dissertasiya işlərinin səviyyəsi, diplomların tanınması, ali təhsil müəssisələrində tədqiqat mərkəzləri, beynəlxalq ədəbiyyatın əlçatanlığı, təhsil ekspertlərinin yetişdirilməsi, vətəndaşların müraciətlərinə baxılması məsələləri nəzərdən keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Təhsil Nazirliyinin əməkdaşlığının genişləndirilməsinə və digər məsələlərə diqqət çəkilib.