Şuşada Dövlət Turizm Agentliyi və Şuşa şəhəri Dövlət Qoruğu idarəsinin tərəfdaşlığı ilə türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı keçirilib.
AƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Üzeyir bağında açıq havada təşkil olunan tədbirdə Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova, Şuşa şəhəri Dövlət Qoruğu idarəsinin icraçı direktoru Tural Novruzov, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan olan nümayəndələr iştirak ediblər.
Qonaqlar əvvəlcə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mətbəx nümunələrini təqdim edən stendlərlə tanış olublar. İştirakçılara türkdilli dövlətlərin milli xörəkləri, şirniyyatları, o cümlədən qutab növləri, plovlar, beşbarmak, kumis, Qarabağ kətəsi, fərqli növ ət yeməkləri, türk qəhvəsi təqdim edilib.
Tədbir çərçivəsində türkdilli ölkələrdən dəvət edilmiş tanınmış aşpazlar ustad dərsləri keçirəcək, canlı yemək bişirilməsi prosesi nümayiş etdiriləcək.