ŞUŞA – XALQIMIZIN MİLLİ XARAKTERİ

Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır. 

                                                                                 Prezident İlham Əliyev

Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar diyardır. Qarabağ təkcə özünün nadir gözəlliyə malik xalçaları, Midiya dağ atları – Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilən ipəyi, zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvi suları ilə də məşhurdur. Sərt dağlar, sıx meşələrlə əhatələnən və toponimikası Azərbaycan dilində «qara bağ», böyük bağ» kimi yozulan bu diyarın paytaxtı isə qədim Pənahabad – Şuşa şəhəri olmuşdur Şuşa şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Uzaq keçmişdə bura qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin ikinci yarısı – birinci minilliyin əvvəlləri) daxil olan ən qədim yaşayış yerlərindən birində yaranmış və daimi insan məskəninə çevrilmişdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir.

Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və  inkişafı etmişdir.Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi  Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu «Şuşa»(şüşə – glass) adlandırmışlar.

Azərbaycanın emblemi. Şuşa Yer üzünün gözəllik sərgisi, mərdlik, cəsarət, hünər, qəhrəmanlıq meydanı, sözün, muğamın, musiqinin beşiyi, yer üzündə analoqu olmayan səslər muzeyidir. Mənəviyyatımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, mərdliyimizin, tariximizin, qurub-yaratmaq əzmimizin bütün məziyyətləri bu salnamədə Şuşada həkk olunub.

Şuşa Azərbaycanın mənəviyyat salnaməsi, ruhumuzun ünvanı olan müqəddəs şəhərdir

Anam Qarabağın zinəti olub,
Başını tac kimi bəzəyir Şuşa.
Dağlar zirvəsində xəyala dalıb,
Dincələn qartala bənzəyir Şuşa.

Şuşadan kimlər keçməyib – dost da, düşmən də, səyyah da, musiqişünas da, etnoqraf da. Hər kəs öz qəlbinin gözü ilə bu şəhərə göz yetirib, qiymət verib.

Rus şairi Sergey Yesenin onun gözəlliyini, insanların musiqiyə bağlılığını belə dilə gətirib: “Əgər oxumursansa, deməli, şuşalı deyilsən”

Şuşanı yalnız şeir, muğam, mahnı beşiyi kimi tanımaq çox azdır. Şuşanın ab-havası, iqlimi tamam bambaşqadır.

Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.

Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748-1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr – Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələri yerləşirdi. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1763-1806) əhatə edir. Bu mərhələdə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi – Yuxarı məhəllə formalaşmışdır. Şuşa şəhərinin formalaşmasının üçüncü mərhələsi Qarabağ xanlığının 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra başlamış və daha uzun müddət davam etmişdir. Şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, onun aborigen əhalisi olan Azərbaycan türklərinə məxsus idi.

XVIII əsrin ikinci yarısı Şuşa şəhəri tarixinin ən şanlı səhifələrindəndir. Bu dövrdə şəhər dəfələrlə hücumlara məruz qalsa da, düşmən qarşısında baş əyməmiş, özünün alınmaz qala olduğunu sübut etmişdi. 1757-ci ildə Məhəmmədhəsən xan Qacar, 1760-cı ildə Fətəli xan Əfşar, 1795-ci ildə Ağa Məhəmməd xan Qacar kimi məşhur sərkərdələr də qəhrəman Şuşa şəhərini ala bilməmişdilər. Pənahəli xanın və İbrahimxəlil xanın mahir azərbaycanlı ustaların əli ilə yaratdıqları müdafiə qurğuları düşmən hücumlarının dəf edilməsində mühüm rol oynamışdı.

Azərbaycanlılar tərəfindən salınan və uzun müddət əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edən Şuşa şəhəri XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalından sonra ciddi demoqrafik dəyişikliklərlə üzləşdi. Azərbaycanın digər yaşayış məntəqələri kimi, Şuşaya da ermənilərin köçürülməsinə başlanıldı. Çar hökumətinin himayəsi ilə Şuşada müvəqqəti də olsa say üstünlüyünə nail olan ermənilər şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı qanlı terror və soyqırımı təşkil edildi. Ermənilər bu əməllərini 1918-1920-ci illərdə də təkrar etməyə cəhd göstərsələr də Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri tərəfindən dəf edildilər. Sovet hakimiyyətinin qurulması ilə Şuşanın fəlakətli günləri başlandı. Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı repressiyalara başladılar. 1923-cü ildə DQMV-nin yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Vilayət rəhbərliyinin ögey münasibəti nəticəsində şəhər sürətlə tənəzzül etməyə başladı. Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu uçurdulub dağıdıldı. Əhalinin sayı təxminən, 50 il ərzində 3 dəfədən də çox azaldı. Belə ki, 1917-ci ildə Şuşada 43869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı azalıb 13664 nəfərə enmişdi.

Şuşanın yenidən dirçəlməsi yalnız 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsindən sonra mümkün oldu. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti «Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Bütün bu tədbirlər nəticəsində şəhərdə əhalinin sayı artaraq 1989-cu ildə 20579 nəfərə çatdı.

Bugün çox təəssüf ki, Şuşa şəhəri erməni işğalı altındadır. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərini işğal etmişlər. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.

Mərhum Xalq şairimiz Zəlimxan Yaqubun “Bu gecə yuxuma girmişdi Şuşa” şerində yazılan  bu kəlmələr indi də də qəlbimizi sızladır:

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.

Şuşa xalqımızın ruhunun ünvanı olan müqəddəs şəhər!

Biz inanırıq ki, Ali baş komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında vətən övladlarının səni azad edəcəyi gün mütləq olacaq. Dağın, daşın zirvəsində yenə də abidələr tikiləcək, bulaqlarının başına yenə də qonaqların gələcək. Hüsnü gözəl Şuşanın yeni növrağı başlayacaq.

Rövşən Məmmədov

Azərbaycan Respublikası Nazirlər Kabineti

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Əməkdaşı

Əvvəlkiİsraildən şok təhdid: Əsədi öldürüb, rejimi devirərik
NövbətiGüzəştli ev satışında problem: sistem çökdü… – Rəsmi