Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, oktyabrın 3-dən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işlərini davam etdirir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun bərpa edilir. İki geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək. Sözügedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Hazırda yolboyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı genişləndirilərək profilə salınır və yeni yol əsası inşa edilir.