Sumqayıt Dövlət Universitetində dərslər onlayn formatda davam etdirilir

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq Sumqayıt Dövlət Universitetində tədris olunan dərslər onlayn formatında “WhatsApp” qrupu əsasında təşkil olunub.

Universitetdən AZƏRTAC–a bildirilib ki, tətbiq edilən onlayn təhsil əyani təhsilin alternativi kimi düşünülüb və bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan tələbələr dərslərə cəlb olunub. Onlayn təhsilə qoşulmaq üçün mobil telefon və internet yetərlidir. Tədrisin təşkili üçün təyin olunan qrup rəhbəri təhsil alan bütün tələbələrin və dərs deyən müəllimlərin adlarını “WhatsApp” qrupuna daxil edir. Müəllim mühazirə materiallarını tələbənin “e-mail” ünvanına göndərir və nəticə etibarilə tələbə lazımi ədəbiyyatla təmin olunur. Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə başa salınır. Həmçinin onlayn dərs zamanı hər bir tələbənin müəllimə sual vermək imkanı vardır.

Dərslərin bu şəkildə təşkil olunması valideyn və tələbələr tərəfindən razılıqla qarşılanır.

ƏvvəlkiGürcüstanda koronavirusa yoluxanların sayı artdı
NövbətiKoronavirusdan ən çox mənfi təsirə məruz qalan 12 fəaliyyət sahəsi müəyyən edilib