Seuldakı Hellouin faciəsində ölənlərdən 26-sı əcnəbidir

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 154-ə çatıb.

AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, faciə nəticəsində 149 nəfər xəsarət alıb. Onlardan 33 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə ilə əlaqədar yaradılmış fövqəladə qərargahın məlumatına əsasən, ölənlər arasında 14 xarici ölkənin 26 vətəndaşı var. İranın 5, Çin və Rusiyanın hərəsinin 4, ABŞ və Yaponiyanın hərəsinin 2, habelə Fransa, Avstraliya, Norveç, Avstriya, Vyetnam, Tailand, Qazaxıstan, Özbəkistan və Şri-Lankanın hərəsinin bir vətəndaşı faciənin qurbanı olub.

Azərbaycanın Cənubi Koreyadakı səfirliyindən verilən məlumata əsasən, faciədə ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi Seulun İtavon adlı ərazisində təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənlikləri zamanı kütlənin 40 metr uzunluğundakı dar, maili döngədən endiyi zaman sıxlıq yaranıb. İzdihamdakı insanlardan bir neçəsinin müvazinətini itirməsi “domino effekti” yaradaraq, digərlərinin də yıxılıb ayaqlar altında qalmasına səbəb olub. Hadisədə ölənlərin çoxunun 20-30 yaş arasında gənclər olduğu bildirilir. Bundan başqa, ölənlər arasında məktəblilər də var.

Bu, Cənubi Koreyada 2014-cü ildə çoxu məktəbli olmaqla 304 nəfərin ölümü ilə nəticələnən bərə qəzasından sonra kütləvi insan tələfatına səbəbə olan ilk hadisədir.

Cənubi Koreya Prezidenti Yun Sok Yol faciə ilə əlaqədar ölkədə 5 günlük matəm elan edib. Dövlət başçısı faciənin detallı araşdırılacağını və gələcəkdə oxşar hadisələrin olmaması üçün əsaslı qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib.